“Collaborative Working” kəlimələrinin qısaltması olan kovörkinq “bərabər-hüquqluların birlikdə işləməsi” mənasını daşıyır. Kovörkinq mərkəzləri kafe və ya ev şəraitində işləmək istəyən, lakin bu mühitlərdə yetərli qədər işə fokuslana bilməyənlər üçün çalışma məkanları təqdim edən iş mərkəzləridir. Bugünlərdə insanlar tərəfindən sıxlıqla tərcih edilən bu ofislər həm də iqtisadi cəhətdən daha sərfəli qiymətlər təklif edir.
TARİXÇƏ
Dünyada ilk Kovörkinq təcrübəsi 1995-ci ildə həyata keçirilmişdir. Berlində 17 kompüter mühəndisi bir araya gələrək əməkdaşlıq etmək, məlumat və avadanlıq paylaşmaq imkanları olan C-Base adlı qeyri-kommersiya qurumu yaratdı. 1999-cu ildə Games Preserve-in qurucusu Bernard DeKoven ilk dəfə “bərabər-hüquqluların birlikdə işləməsi” mənasını daşıyan “coworking” sözünü istifadə etdi. İndiki kovörkinq anlayışına uyğun gələn ilk iş mərkəzi isə 2002-ci ildə iki avstriyalı sahibkarın təşəbbüsü ilə yaradılmış Schraubenfabrik sahibkarlıq mərkəzidir. Schraubenfabrik daha sonra 2004-cü ildə Hutfabrik adlı ikinci iş mərkəzini açdı. Bu iki iş mərkəzi gələcəkdə yaradılacaq kovörkinq mərkəzlərinin konsepsiyalarının əsasını qoydu. Kovörkinq Mərkəzi adı altında ilk rəsmi iş mərkəzi isə 2005-ci ildə porqramçı Brad Neuberq tərəfindən San Fransiskoda yaradıldı. Kovörkinq termini ilk dəfə 2007-ci ildə Google-un verilənlər bazasına daxil oldu. Daha sonra isə Vikipediyada bu adda ingilis dilində səhifə yaradıldı. 2011-ci ildə South By Southwest (SXSW) təşkilatçılığı ilə ilk rəsmi Kovörkinq Konfransı təşkil edildi. Kovörkinq anlayışının davamlı böyüməsi nəticəsində artıq 2013-cü ildə 3000-dən çox kovörkinq mərkəzi mövcud idi, 100 000-dən çox insan kovörkinq mərkəzlərində işləyirdi. 2017-ci ildə bu rəqəm 1 200 000 nəfərə çatdı. Azərbaycanda isə kovörkinq təcrübəsi ilk dəfə 2014-cü ildə həyata keçirildi. Hazırda ölkəmizdə 10-a yaxın kovörkinq mərkəzi fəaliyyət göstərir. The Office isə Azərbaycanda fəaliyyət göstərən ən böyük kovörkinq mərkəzidir.